Sosial

Hər məhkuma gündəlik 11 manat ayrılır, bəs, evdən niyə ərzaq istəyirlər?

“Oğlum yeni həbs olunanda 3 gün ac qalıb. Deyir ki, supun içindən tarakan çıxırdı, amma məcburiyyətdən həşəratları qırağa atıb, yeməkləri yeyirdik”. Bunu söyləyən Zərifə Əliyevanın (ad şərtidir) oğlu 3 ildir 6 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır.

Onun dediyinə görə, həbsxana yeməkləri keyfiyyətsiz olduğundan oğluna ayda 2 dəfə evdən yemək aparır, bu isə ailəyə təxminən 400-500 manata başa gəlir: “Oğluma göndərdiyim yemək bir aylıq ailəyə bəs edəcək qədərdir. Hər şeyini özümüz alırıq, kartof, soğan, yağ, vermişel, hətta duz-istiotuna qədər”.

Z. Əliyeva həbsxanada ərzağın qiymətinin qat-qat baha olduğunu söyləyir. Qadının sözlərinə görə, Ombudsman Aparatından yoxlama gələndə həbsxanada qiymətlər aşağı salınır, yoxlamadan sonra yenidən qalxır: “Guya məhbuslara gündəlik pul ayrılıb. Amma o puldan bu uşaqlara heç nə çatmır. Alt paltarından tutmuş corabınadək özümüz göndəririk, yeməklərini özümüz göndəririk. Bəs onlara ayrılan pul hara gedir? Şikayət etməyə də qoymurlar, səsi çıxanı aparıb “karsa” basırlar”.

Qadının söylədiyinə görə, həbsxanada 3 günlük görüş otağının qiyməti 70 manatdan başlayır: “Ailəvi görüş üçün imkanın çatdığı qədər pul ödəyib otaq seçə bilirsən. Oğlumun yatdığı otağa baxmışam, gərək mələfə salasan ki, uzanmağa iyrənməyəsən. Otağa görə 70 manat, televizora 10 manat pul alırlar”.

1000 nəfərə 15 tualet , 3 hamam

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Orxan Baxışlı da vaxtilə  2 il 10 ay azadlıqdan məhrum edilib.

10 və 14 saylı cəzaçəkmə müəssisələrindəki şəraitdən danışan Orxan deyir ki, qanunla məhkumlara gündəlik 11 manat pul ayrılsa da, onlara heç 5-6 manat da xərclənmirdi: “Səhərlər mannı sıyığı, düyü aşı, qreçka supu yeyirdik. Qreçkanın da supu olar heç? Bəzi vaxtlarda da 50 qram yağ, qara çörəyin ¼  hissəsi və kəmşirin çay olurdu. Günorta yeməyinə makaron, borş, ya da 20 qram ətli yemək verirdilər”.

Orxan söyləyir ki, həbsxanada məhkumlar 3 yerə ayrılır: kasıblar, orta kasıblar və “ağ dustaq”lar. “Kasıblar həbsxananın verdikləriylə dolanırlar, orta kasıblar evdən dəstək alırlar. “Ağ dustaq”lara isə ayrıca otaqlar kirayələnir. Hər bir həbsxanada tibbi otaqlar var. Orda xəstələr saxlanılmalıdır. Amma o otaqları 100 manatdan başlayan qiymətlərlə “ağ dustaq”lara verirlər. Otaqların qiyməti 1000 manatadək artır. Burda daha çox yuxarı təbəqəyə məxsus adamların yaxınları qalır”.

Orxan danışır ki, 14 saylı cəzaçəkmə müəssisəsində 1000 nəfərə 15 tualet və 3 hamam otağı varmış,  hamam otağının qiyməti 1 manat imiş.

1 məhbusun gündəlik xərci – 11 manat 35 qəpik

Avropa Şurasının (AŞ) 2020-ci ildəki hesabatına görə, Azərbaycan Avropada ən çox məhbus olan ölkələrdən biridir. Ölkədə əhalinin hər 100 min nəfərinə 208.7 məhbus düşür. Bu göstəriciyə görə, hesabatın Avropa məkanında əhatə etdiyi 50-yə yaxın ölkə arasında Azərbaycan ən yüksək 5-ci nəticəyə malikdir.

Hesabatda qeyd olunur ki, Azərbaycan Avropa Şurası məkanında məhbuslara ən az vəsait xərcləyən ölkələrdəndir. Saxlanılan şəxs üçün gündəlik çəkilən xərc 6,7 avro (12 manat 90 qəpik), məhkum üçün gündəlik xərc 5,9 avro ( 11 manat 35 qəpik) təşkil edir. Məhbuslara Azərbaycandan daha az pul xərcləyən cəmi 2 ölkə var: Rusiya hər bir məhbusa gündəlik 2,8 (5 manat 40 qəpik), Bolqarıstan isə 5,7 avro (11 manat) xərcləyir.

Gürcüstanda isə bu rəqəm 12,6 avro (24 manat 30 qəpik), Ermənistanda 18,8 avrodur (36manat 20 qəpik).

“…bu vəziyyət korrupsiya hallarını artıra bilər”

Cəzaçəkmə müəssisələrindəki durumdan danışan hüquq müdafiəçisi, keçmiş məhbus Rəsul Cəfərov ora hüquq müdafiə təşkilatlarının giriş-çıxışı olmamasına diqqət çəkir. Bu baxımdan da o, həbsxanalardakı vəziyyəti davamlı müşahidə etməyin mümkünsüz olduğunu vurğulayır: “Ədliyyə Nazirliyi yanında ictimai komitə var, nümayəndələri illərdir ki, yenilənmir. Ona görə də bizim üçün əsas informasiya mənbələri ya keçmiş məhbuslar, ya da indiki məhkumların ailə üzvləridir”.

Hüquq müdafiəçisinin fikrincə, həbsxanalardakı acınacaqlı şəraitin əsas səbəbi onların çoxunun köhnə olmasıdır. Onun dediyinə görə, infrastrukturun köhnə olması Avropa pentensiar qaydalarında nəzərdə tutulan standartları təmin etməyə fiziki olaraq imkan vermir.

“1930-1940-cı illərdən qalma cəzaçəkmə müəssisələri mərhələli ləğv edilməli, yeni infrastruktura malik müəssisələrlə əvəzlənməlidir. Müqayisə etsək, 14 saylı həbsxana, Qobustan həbsxanası daha pis, Kürdəxanı təcridxanası nisbətən yaxşı vəziyyətdədir. Hətta 14 saylı həbsxananın bağlanmasıyla bağlı Avropa Şurası, BMT tərəfindən də tövsiyələr verilib”.

Rəsul Cəfərov 

O ki qaldı rəsmi gündəlik xərclərə, R.Cəfərov məhbusların bəzən onlara ayrılan vasitələrdən və yeməkdən könüllü istifadə etmədiklərini deyir: “Mən həbsxanada olanda vaxtaşırı döşəkağları, yastıq üzləri, üzqırxan alətlər gətirirdilər. Elə məhbus vardı onlardan istifadə edirdi, eləsi vardı istifadə etmirdi, valideynləri, yaxınları onu lazımi hər şeylə təmin edirdi. Cəzaçəkmə müəssisəsəsi də məcbur etmir ki, mütləq bu vasitələrdən istifadə etməlisən”.

Bəs həbsxana tərəfindən verilən yemək, paltar və digər zəruri vasitələrdən istifadə etməyən məhbuslara ayrılan pul hara xərclənir?

“Baxmaq lazımdı ki, təminat məsələsi hansı vaxt aralığı üçün nəzərdə tutulur, aylıq, yoxsa illik? Əgər 1000 məhbusun 500 nəfəri dövlət tərəfindən ayrılmış vasitələrdən imtina edirsə, araşdırmaq lazımdır, bu adamlar üçün nəzərdə tutulan vəsait geri qaytarılırmı? Çünki bu vəziyyət korrupsiya hallarını artıra bilər”, – deyə R. Cəfərov cavab verir.

Amma hüquq müdafiəçisi bu barədə hesablama aparmağın çətin olduğunu da vurğulayır: “Biz indi necə deyə bilərik ki, N saylı həbsxanadakı nə qədər məhbus dövlət tərəfindən verilmiş vasitələri qəbul edir ya etmir. Gün ərzində ortalama neçə nəfər məhbus yeməkxanaya daxil olur ya da olmur? Bunları hesablamaq, korrupsiya elementləri varsa, cinayət tərkibini araşdırmaq lazımdır”.

“Məhkumlar həbsxanadakı yeməklərdən tam imtina etmirlər”

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun “Toplum TV”-yə dediyinə görə, məhkumlar üçün ayrılan gündəlik xərc onların ehtiyaclarına – qidalanma, geyim və saxlanmaları üçün lazım olan digər vasitələrə yönəldilirr. Onun szölərinə görə, ayrılan məbləğ hər dəfə  dəyişir.

M. Sadıqov onu da bildirir ki, valideynlərin gətirdikləri yemək-ərzaq məhbuslara bəs etmir, ona görə də onlar həbsxanadakı yeməklərdən tam imtina etmirlər: “Həmçinin məhkumların fiziki durumunun normal saxlanması üçün Nazirlər Kabinetinin təsdiq edilmiş normalarına uyğun olaraq yeməklər bişirilir. Və məhkumlar gündə 3 dəfə isti yeməklə təmin olunurlar”.

Mehman Sadıqov 

O qeyd edir ki, məhbusların şikayətləri varsa, Pentensiar Xidmətə şikayət etsinlər. “Heç bir vətəndaşın, həmçinin məhbusların müraciətlərini cavabsız qoymuruq. Əgər məhkum yuxarı instansiyaya məktub göndərirsə, o oxunulmur, senzuradan keçirilmir. 24 saat ərzində aidiyyatı orqanlara göndərilir”.

Qanunlar nə deyir?

Qanunvericiliyə görə, azadlıqdan məhrum edilən şəxslərin bütün ehtiyacları dövlət tərəfindən qarşılanmalıdır, məhbuslar cəzaçəkmə müəssisələrində saxlandığı müddətdə pulsuz yeməklə, maddi-məişət və tibbi-sanitariya xidmətləri ilə təmin olunmalıdırlar.

Həmçinin onların fərdi çarpayı və yataq ləvazimatları, iqlimə uyğun paltarla təmin olunmaq hüquqları var.

Azərbaycanın da qəbul etdiyi Avropa pentensiar qaydalarına görə, məhbuslar maneəsiz, gigiyena qaydalarına uyğun və təklikdə qalmağa imkan verən sanitar qovşağından istifadə etmək imkanına malik olmalıdırlar. Vannalar və duşlar kifayət qədər olmalı, hər bir məhbus imkan daxilində hər gün və ya ən azı həftəfə iki dəfə onlardan istifadə edə bilməlidir.

Bundan başqa yemək sanitar-gigiyenik tələblərə uyğun hazırlanmalı, məhbusların təmiz içməli sudan daima istifadə etmək imkanları olmalıdır.

Qaydalara əsasən məhbuslar həbsxanadan kənardan çox da baha olmayan qiymətlərə şəxsi istfadə məqsədilə ərzaq məhsulları və içkilər almaq hüququna malikdirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button